Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət sahəsində elektron məlumat sistemi

SenetkarTEST

Adıgözәlov Vasif Zülfüqar oğlu (1935- 2006)

1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.

Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir. Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi.

1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir. 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır, 1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir. Vasif Adıgözəlov "Ölülər", "Natəvan" operalarının, "Hacı Qara" (həmmüəllifi R.Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana" musiqili komediyalarının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", Çanaqqala - 1915", "Qəm karvanı" oratoriyalarının, "Novruzum", "Təntənəli" kantatalarının, 4 simfoniya, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.